CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” : Sabunçu rayonunun məktəbliləri Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşüblər
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Sabunçu Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl vətəndaş kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlət tərəfindən görülən tədbirlərdən danışıb. “Ölkəmizi tanıyaq” tur-aksiyasının da dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsi olduğunu vurğulayıb. R.Fərəcova maarifləndirici tur-aksiyada rayon məktəblərinin ən qabaqcıl, biliyi və istedadı ilə seçilən nümunəvi 40 şagirdinin Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salındığını qeyd edib və məktəblilərə uğurlar arzulayıb.
Çıxış edən şagirdlər onlar üçün belə imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər konsert proqramı ilə çıxış ediblər.
Daha sonra şagirdlər Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola salınıblar.