REGİONLAR


“Ölkəmizi tanıyaq”: gədəbəyli şagirdlər Qəbələ şəhərinə yola düşüblər

Gədəbəy, 15 mart, Rauf Hacıyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gədəbəy rayonundan 40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə martın 15-də Qəbələ şəhərinə yola salınıb.

AZƏRTAC xəbər verir ki, yolasalma mərasimindən əvvəl Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş keçirilib.

Rayon rəhbərliyinin, valideyn, müəllim və tur-aksiyaya qoşulan məktəblilərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək, şagirdlərə tur-aksiyanın məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb. Bildirilib ki, respublikamızda gənclərin hərtərəfli inkişafı üçün gözəl şərait yaradılıb. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da gənclərə dövlət qayğısının təzahürüdür. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Məlumat verilib ki, gədəbəyli gənclər dörd gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarda tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmasına şərait yaradacaq. Aksiya çərçivəsində məktəblilər Qəbələ rayonunda Heydər Əliyev adına Konqres mərkəzi, “Qəbələnd” istirahət mərkəzi, “Beltmann” pianino zavodu, “Tufandağ” Xizəkçilik Kompleksi və Qəbələ Konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ Tarix-Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udilərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Şəkidə Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi, Zaqatala rayonunda isə Zaqatala Tarix-Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı ilə tanışlıq məktəblilərdə zəngin təəssürat doğuracaq.

Tur-aksiya iştirakçıları Ümummilli Liderin Mərkəzin önündəki abidəsi önünə gül-çiçək dəstələri düzdükdən sonra Qəbələ şəhərinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.