REGİONLAR
“Ölkəmizi tanıyaq” layihəsi: 400-dən çox məktəbli şimal bölgəsinə ekskursiyaya Qubadan başlayıb
Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 18-də ölkəmizin şimal bölgəsinə ekskursiyaya gələn məktəblilər Qubada qarşılanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ağsu, Qobustan və Yevlax ümumtəhsil məktəblərinin 400-dən çox yuxarı sinif şagirdi iştirak edir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra məktəblilərə rayon haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, ölkəmizin digər regionlarında olduğu kimi, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar və emal sahələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün ərzində Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaq, yəhudilərin sıx məskunlaşdıqları Qırmızı qəsəbəyə, xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına səfər edəcəklər.
Məktəblilərin diqqətinə çatdırıblar ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəz təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir.
Qarşılanma mərasimindən sonra Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr də yaradılıb.
Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Tur-aksiya iştirakçıları noyabrın 21-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.