REGİONLAR
“Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin bölgələrimiz haqqında zəngin məlumatlar əldə etmələri baxımından böyük önəm daşıyır
Goranboylu şagirdlər tur-aksiyaya qoşulublar
Goranboy, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində goranboylu məktəblilər Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxıblar.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində rayon rəhbərliyi, təhsil idarəsinin işçiləri və valideynlər iştirak ediblər.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tur-aksiyanın əhəmiyyətini qeyd edərək, layihənin nəinki məktəblilərin tətil günlərinin xoş və mənalı keçirilməsində, habelə onların ayrı-ayrı bölgələr haqqında zəngin məlumatlar almalarında böyük önəm daşıdığını vurğulayıb.
Bildirilib ki, dörd gün davam edəcək tur-aksiya zamanı şagirdlər bölgənin tarixi abidələri, görməli yerləri, eləcə də Qəbələdəki məşhur “Beltmann” piano fabriki, “Tufandağ” Turizm İstirahət Kompleksi, dünya şöhrətli Şəki Xan sarayı ilə yaxından tanış olacaqlar. Bütün bunlar isə məktəblilərdə Vətənimizin bu bölgəsi haqqında xoş təəssürat yaradacaq.
Goranboy rayon Quşçular kənd tam orta məktəbin 10-cu sinif şagirdi Səkinə Babayeva öz sevincini belə ifadə edib: “Böyük tarixi keçmişi olan Azərbaycan nəinki qədim abidələri, zəngin maddi-mədəniyyət nümunələri, eləcə də əsrarəngiz təbiəti ilə də məşhurdur. Yola düşdüyümüz Qəbələ, Şəki və Zaqatala rayonları da belə bölgələrimizdəndir. Biz orada Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, qədim abidələrlə tanış olacaq, bölgə haqqında bildiklərimizi daha da zənginləşdirəcəyik. Buna görə dövlətimizin başçısına minnətdarıq. Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən bu aksiyada fəal olmağa çalışacağıq”.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobuslarla Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər.