REGİONLAR
“Ölkəmizi tanıyaq”: maarifləndirici tur-aksiya iştirakçıları Qubada












Quba, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 14-də Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiyaya gələn məktəblilər Qubada qarşılanıblar.
AZƏRTAC xəbər verir ki, Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada Ağdam, Tərtər, Bərdə, Goranboy, Naftalan, Beyləqan, Ağcabədi, Xocavənd və Laçın məktəblərinin 300-dən çox yuxarı sinif şagirdi iştirak edir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra məktəblilərə rayon haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün ərzində Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaq, yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, “ABAD Factory” İstehsalat Kompleksinə ekskursiya edəcəklər.
Qarşılanma mərasimindən sonra Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr də yaradılıb.
Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Tur-aksiya iştirakçıları noyabrın 17-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.