CƏMİYYƏT


“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalarına start verilir

Budəfəki tur-aksiyada 3370 məktəbli iştirak edəcək

Bakı, 13 mart, AZƏRTAC

Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib.

Martın 15-18 və 23-26 tarixlərini əhatə edəcək növbəti 11-ci tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR-sı, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olacaq.

Tur-aksiyanın marşrutunda paytaxt Bakını xüsusi qeyd etmək lazımdır. Bu gün Bakı öz inkişafı, füsunkar gözəlliyi ilə dünyanın meqapolislərindən birinə çevrilib. Bakı artıq qədimliklə müasirliyin harmoniyasının simvoludur. Əsrlərin yadigarı olan Qız qalası Bakının qədimlik, möhtəşəm Alov qüllələri, dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzi Azərbaycan paytaxtının müasirlik rəmzləridir. Son illər Bakı çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Mədəniyyətlərarası dialoq, beynəlxalq humanitar forumları, idman yarışları, musiqi festivalları Bakını geniş coğrafiyada tanıdıb. Bakının adı müasir tariximizə Beynəlxalq humanitar forumların, “Eurovision-2012” musiqi yarışmasının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, “Bakı-2015” birinci Avropa Oyunlarının, Formula 1 Avropa Qran-Prisinin, Dünya Şahmat Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi kimi daxil olub. Tur-aksiya çərçivəsində Bakı şəhərinə səfər edəcək naxçıvanlı məktəblilər bu mühüm tədbirlər barədə ətraflı məlumat alacaq, Azərbaycan paytaxtının keçdiyi inkişaf yolu ilə tanış olacaq, tarixi və müasir yerlərə ekskursiyalar edəcəklər.

Beşminillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verib. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. İndi Naxçıvanı, sözün həqiqi mənasında, Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar. Naxçıvanda inkişafın miqyası illərlə, aylarla deyil, günlərlə ölçülür. Təsadüfi deyil ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin, həmçinin respublikamızın Gənclər paytaxtı elan olunmuşdu. Bütün bu uğurları Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində əldə edib. Bu gözəl diyarda inkişafın təməli ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulub və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşib. Naxçıvan istiqaməti üzrə səfər edəcək tur-aksiya iştirakçıları blokada şəraitində intibah yaradan müasir Naxçıvanla tanış olacaq, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlar. Eyni zamanda, məktəblilər Naxçıvanda bu günədək qorunub saxlanılan və bərpa olunan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olacaqlar. Şagirdlərə, həmçinin Naxçıvanın “İslam Mədəniyyətinin Paytaxtı - 2018” missiyasını uğurla yerinə yetirməsi barədə də ətraflı məlumatlar veriləcək.

Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacaqlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olması, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev tərəfindən həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalanması şagirdlərin diqqətinə çatdırılacaq.

Məktəblilər Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, Nizami yurdunun yeni xəritəsində əksini tapmış müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları ilə ətraflı tanış olacaqlar. Tur-aksiya iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına – Cavad xan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə Bulvarına, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”nə, “Abidələr” parkına, Alman kilsəsinə, Şəmkir Aqroparkına, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil ediləcək.

Məktəblilər bu marşrut üzrə Tovuzda Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, “Dairəvi qala” və eramızdan əvvəl VI minilliyə aid Göytəpə abidəsi ilə tanış olacaqlar. Ağstafa rayonu ilə tanışlıq çərçivəsində Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, Miniatür Azərbaycan Parkı, Musiqi Mərkəzi, xalça fabriki, peyntbol atıcılıq mərkəzi, “Saloğlu” mebel fabriki, Ağstafa Aqroparkı, Karvan-L EKO, Səməd Vurğun parkı şagirdlərdə böyük maraq oyadacaq. Məktəblilər bu marşrut üzrə Qazax rayonuna da səfər edəcəklər. Onlar Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Ədəbiyyat Muzeyi, Mütəfəkkirlər parkı, Qazax Cümə Məscidi, Qazax Müəllimlər Seminariyası, Tarix Diyarşünaslıq Muzeyi, Dilboz at heykəli, Dədə Qorqud abidə kompleksində olacaq, Səməd Vurğun adına park, Göyəzən dağı, Damcılı mağarası, Qazax sement zavodu, Səməd Vurğun poeziya evi, ilk azərbaycanlı hərbi təyyarəçi, Birinci Dünya müharibəsi iştirakçısı Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış “Təyyarə” abidə kompleksinə baş çəkəcəklər.

Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. İqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm rol oynayan bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.

Son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsindəki inşası başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ölkəmizdə yeni-yeni istirahət guşələrinin, park və xiyabanların yaradılması, onların vətəndaşların ixtiyarına verilməsi həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biridir. Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi də bu istiqamətdə reallaşdırılan önəmli layihələrdəndir. Park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının mənalı keçməsi üçün geniş imkanlar yaradılıb.

Respublikamızda uğurla həyata keçirilən sənayeləşmə siyasəti bölgələrdə də geniş vüsət alıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib. Sabirabad və Hacıqabul sənaye məhəllələrində isə tikinti işləri davam etdirilir. Bu sənaye məhəllələrində yüzlərlə yeni iş yeri yaradılıb.

Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfər edəcək məktəblilər bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Lənkəranda “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, “Yanar bulağ”a və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN həyat” kompleksinə, Masallı Sənaye Məhəlləsinə və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.

Ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən biri də Qəbələ-Şəki-Zaqatala zonasıdır. Bu rayonlarımız da digər bölgələrimiz kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə tanınır. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf edib.

Xüsusi qeyd etmək lazımdır ki, respublikamızda ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər ölkəmizin şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azər-İpək” ASC-nin fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Şəkidə yeni tut bağları salınır, baramaçılığın, ipəkçiliyin ənənələri yenidən bərpa olunur, “Azər-İpək” kombinatında geniş yenidənqurma işləri həyata keçirilir. Bir sözlə, qədim ipəkçilik sənəti ilə məşhur olan Şəkidə indi bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Şəki həm də öz mətbəxi, adət-ənənələri və tarixi məkanları ilə fərqlənir.

Məmur-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında “ASAN xidmət” mərkəzləri önəmli rol oynayır. Belə mərkəzlərdən biri də Şəkidə yaradılıb. Şəki “ASAN həyat” kompleksində dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 300-dən çox xidmət həyata keçirilir.

Ölkəmizin əsas turizm marşrutlarından biri olan Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi də istifadəyə verilib. Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. Mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunur. Bu mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər də keçirilir. Bütün bunlardan məqsəd yeni sənətkarların yetişdirilməsidir.

Ötən il istifadəyə verilən Şəki-Kiş avtomobil yolu bölgənin iqtisadiyyatına önəmli töhfə olmaqla yanaşı, turizmin inkişafında da mühüm rol oynayır. Bu yolun inşası yerli və xarici turistlərin Kiş kəndinə və “Marxal” istirahət mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırıb.

Bu gün, sözün əsl mənasında, xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Bölgələrimizdə, o cümlədən Şəkidə Bayraq Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.

Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər. Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də Formula 1 yarışlarını misal göstərmək olar. Bütün bunlara Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində nail olunub. Bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanda idmanın populyarlaşdırılması, yeniyetmə və gənclər arasında təbliği üzərində qurulub. Eyni zamanda, ölkəmiz üçün yeni olan idman növləri də gənclər arasında yayılmaqdadır. Qəbələdəki “Tufandağ” Xizəkçilik Kompleksi, Qubadakı qolf meydançası, “Şahdağ” Turizm Mərkəzindəki xizək məktəbi həm turizmin inkişafı, həm də yeni idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamət üzrə səfər edəcək şagirdlər müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcək, onlara tikilməkdə olan Ləki-Qəbələ dəmir yolu barədə məlumat veriləcək. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq.

Məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Sadalanan ənənəvi və gəlirli aqrar sahələrin inkişaf etdirilməsi rayonun qarşısında duran əsas hədəflərdəndir. Şagirdlər Heydər Əliyev Mərkəzini ziyarət edəcək, müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq.

Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına, “ABAD Factory” İstehsalat Kompleksinə ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan “ASAN həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarının marağına səbəb olacaq.

Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.

Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləbaran etməsi barədə ətraflı məlumat veriləcək. Belə ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprelin 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yenidən həyat qayıtdı. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində kənd qısa müddətdə yenidən quruldu, məcburi köçkünlər öz doğma yurdlarına qayıtdılar.

Həmçinin 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilən Günnüt kəndi və ətrafdakı mühüm strateji əhəmiyyətli yüksəkliklər, 11 min hektara yaxın ərazi 26 ildən sonra ötən ilin mayında Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə azad olundu. Bununla da ordumuz daha əlverişli mövqelərə yiyələndi. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. “Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.

Aprel və Günnüt qələbələri bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır. Bu barədə məlumatlar məktəblilərin vətənpərvərlik ruhunu yüksəldəcək.

Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar. Diqqətə çatdırılacaq ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Yeni müqavilə həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir.

Son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. 2017-ci il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Londondan Pekinədək qatarlar hərəkət edir, yüklər daşınır. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var.

Məktəblilərə 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi, iyunun 12-də Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi, sentyabrın 26-da “Azerspace-2” peykinin orbitə buraxılması, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının, sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar barədə də məlumatlar veriləcək.

Həmçinin şagirdlərə Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycanın 10 ən islahatçı dövlət siyahısına daxil edilərək daha çox islahat aparan ölkə elan olunması, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi, eləcə də ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar barədə də məlumatlar çatdırılacaq.

Aksiyanın bu mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.