REGİONLAR
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür VİDEO
Beyləqan, 24 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan beyləqanlı məktəblilər Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, Beyləqan şəhərində keçirilən yolasalma mərasimində rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər iştirak edib.
Mərasimində çıxış edənlər aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələrini veriblər. Qeyd edilib ki, tur-aksiyada iştirak edən 40 şagird, həmçinin müşayiətçi müəllimlər və 1 həkimdən ibarət heyət dörd gün ərzində Gəncə, Şəmkir və Göygöldə tarix və mədəniyyət abidələri, gözəl təbiət mənzərələri ilə yaxından tanış olacaqlar.
Qrupun rəhbəri – Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Mətanət Məmmədova AZƏRTAC-a müsahibəsində deyib: ““Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür. Tur-aksiya məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması baxımından çox əhəmiyyətlidir. Məktəblilər dörd gün ərzində ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcək, Şəmkir və Göygöl şəhərləri ilə tanış olacaq, füsunkar təbiət möcüzəsi – Göygölü seyr edəcəklər. Səfər çərçivəsində, həmçinin əyləncəli proqram və intellektual proqramlar da nəzərdə tutulub”.
Beyləqan şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Xumar Qələndərli tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirib: “Sevincimin həddi yoxdur. Göygölü görmək çoxdankı arzum idi. Ekskursiyaya şagird yoldaşlarımla, kollektiv şəkildə getməyimiz səfərimizi daha maraqlı edir. Bu səfərdən çox şey öyrənəcəm”.
Digər şagird - təbiət və humanitar fənlər təmayüllü liseyin şagirdi İbrahim Məmmədli isə fikirlərini belə ifadə edib: “Əvvəlki illərdə məktəblilərin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində müxtəlif bölgələrə ekskursiyalarını böyük maraqla izləyir və aksiyanın iştirakçısı olmağı arzulayırdım. Artıq mən də ekskursiyada iştirak edirəm. Bunun üçün çox sevinirəm. İnanıram ki, səfərimiz olduqca maraqlı keçəcək”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər Ulu Öndərin Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət etdikdən sonra Gəncə-Şəmkir-Göygöl marşurutu üzrə yola düşüblər.