REGİONLAR


“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir

X tur-aksiyada 76 şəhər və rayondan, ümumilikdə, 3190 nəfər iştirak edəcək

Bakı, 10 noyabr, AZƏRTAC

Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 nəfər iştirak edib.

Noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23 mindən çox olacaq.

Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacaqlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olmasını, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Məktəblilər Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, Gəncənin yeni xəritəsində əksini tapmış müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları ilə də ətraflı tanış olacaqlar. Tur-aksiyanın iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamamına, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə Bulvarına, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”nə, “Abidələr” parkına, Alman kilsəsinə, Şəmkir Aqroparkına, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil ediləcək.

Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. 2017-ci il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan sərəncamlar ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır. Bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.

Son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

Ölkəmizdə yeni-yeni istirahət guşələri, park və xiyabanların yaradılması və onların vətəndaşların ixtiyarına verilməsi həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biridir. Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi də bu istiqamətdə həyata keçirilən önəmli layihələrdəndir. Park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində görülən işlərlə tanış olub.

Respublikamızda uğurla həyata keçirilən sənayeləşmə siyasəti bölgələrdə də geniş vüsət alıb. Artıq Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə verilib. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri aparılır. Sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib. Masallı Sənaye Məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına, ümumilikdə, 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb.

Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfər edəcək məktəblilər bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Lənkəranda “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, “Yanar bulağ”a və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN Həyat” kompleksinə, Masallı Sənaye Məhəlləsinə və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.

Ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən biri də Qəbələ-Şəki-Zaqatala zonasıdır. Bu rayonlarımız da digər bölgələrimiz kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə tanınır. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf edib. Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi bu baxımdan ölkəmizin iqtisadi həyatında mühüm hadisəyə çevrilib.

Xüsusi qeyd etmək lazımdır ki, respublikamızda ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər ölkəmizin şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” ASC-nin fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Şəkidə yeni tut bağları salınır, baramaçılığın, ipəkçiliyin ənənələri yenidən bərpa olunur, “Azəripək” kombinatında geniş yenidənqurma işləri həyata keçirilir. Bir sözlə, qədim ipəkçilik sənəti ilə məşhur olan Şəkidə indi bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Şəki həm də öz mətbəxi, adət-ənənələri və tarixi məkanlar ilə fərqlənir.

Məmur-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında “ASAN xidmət” mərkəzləri önəmli rol oynayır. Belə məkrəzlərdən biri də Şəkidə yaradılıb. Oktyabrın 29-da istifadəyə verilən və açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi Şəki “ASAN Həyat” kompleksində 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 300-dən çox xidmət həyata keçiriləcək.

Ölkəmizin əsas turizm marşrutlarından biri olan Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi də istifadəyə verilib. Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. Gələcəkdə Mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunacaq. Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur. Bütün bunlardan məqsəd yeni sənətkarların yetişdirilməsidir.

Dövlətimizin başçısının Şəkiyə səfəri çərçivəsində Şəki-Kiş avtomobil yolu da istifadəyə verilib. Bu yolun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və “Marxal” istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq.

Bu gün, sözün əsl mənasında, xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Bölgələrimizdə, o cümlədən Şəkidə Bayraq Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 29-da Şəkidə Bayraq Muzeyinin açılışında da iştirak ediblər.

Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər. Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də Formula 1 yarışlarını misal göstərmək olar. Bütün bunlara Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində nail olunub. Bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanda idmanın populyarlaşdırılması, yeniyetmə və gənclər arasında təbliği üzərində qurulub. Eyni zamanda, ölkəmiz üçün yeni olan idman növləri də gənclər arasında yayılmaqdadır. Qəbələdəki “Tufandağ” Xizəkçilik Kompleksi, Qubadakı qolf meydançası, “Şahdağ” turizm mərkəzindəki xizək məktəbi həm turizmin inkişafı, həm də yeni idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamət üzrə səfər edəcək şagirdlər müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Sadalanan ənənəvi və gəlirli aqrar sahələrin inkişaf etdirilməsi rayonun qarşısında duran əsas hədəflərdəndir. Şagirdlər Heydər Əliyev Mərkəzini ziyarət edəcək, müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq.

Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına, “ABAD Factory” İstehsalat Kompleksinə ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan “ASAN Həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarının marağına səbəb olacaq.

Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” turizm mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.

Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat veriləcək. Belə ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprelin 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yenidən həyat qayıtdı. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində kənd qısa müddətdə yenidən quruldu, məcburi köçkünlər öz doğma yurdlarına döndülər. Aprel müharibəsi bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır. Bu barədə məlumatlar məktəblilərin vətənpərvərlik ruhunu yüksəldəcək.

Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar. Diqqətə çatdırılacaq ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Yeni müqavilə həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir.

Son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. 2017-ci il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Londondan Pekinədək qatarlar hərəkət edəcək, yük və sərnişin daşınacaq. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var.

Məktəblilərə mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi, iyunun 12-də Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi, sentyabrın 26-da “Azerspace-2” peykinin orbitə buraxılması, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının, sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar barədə də məlumatlar veriləcək.

Aksiyanın bu mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.