REGİONLAR


“Ölkəmizi tanıyaq”: məktəblilər ekskursiyadan zəngin təəssüratlarla ayrılıblar

Tur-aksiya iştirakçıları səfər təəssüratlarını AZƏRTAC-ın bölgə müxbirləri ilə bölüşüblər

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, şəhər və rayonların IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın martın 15-dən 18-dək olan mərhələsi uğurla başa çatıb.

Tur-aksiya iştirakçıları zəngin səfər təəssüratlarını AZƏRTAC-ın bölgə müxbirləri ilə bölüşüblər.

Ucar rayonu Şahlıq kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Səidə İsmayılova: “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə hərəkət etdik. Hər üç şəhər çox gözəldir. Göygöl və onun ətrafındakı meşələr, Kəpəz dağının qarlı zirvəsi füsunkar gözəlliyə malikdir. Mənim yaşadığım Ucar aran rayonu olduğuna görə orada bu cür gözəl çaylar, göllər, meşələr və zirvəsi qarlı dağlar yoxdur. Baxmayaraq ki, həm bizim rayonumuzda, həm də Gəncədəki zoğal və ərik ağacları artıq çiçəkləyib, amma Göygöldə hələ də qar var. Biz Gəncədəki Heydər Əliyev Parkından yaz çiçəkləri topladıq, Göygöldə isə uşaqlarla birgə qartopu oynadıq. Bələdçilər bizə məlumat verdilər ki, ilin bütün fəsillərində, xüsusən də yayda Göygölə dünyanın hər yanından turist gəlir. Göygöl Dövlət Qoruğu doğrudan da təbiətin möcüzəsidir. Maarifləndirici tur-aksiya həm də bizə imkan verdi ki, ölkəmizin tarixi yerlərini gəzək, Vətənimizi daha yaxşı tanıyaq. Tarix ərzində mövcud olan Azərbaycan dövlətlərinin, eləcə də Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhərinin tarixi-memarlıq abidələri ilə tanış olduq. Bu məkanların hər biri biz şagirdlərin tanımalı olduğumuz yerlərdir. Bu bölgədəki bir çox abidələr, muzeylərdəki qədim eksponatlar barədə yalnız tarix kitablarından oxuyub, televiziya ekranlarından izləmişdik. İndi isə bütün bunları canlı gördük. Gəncə, Göygöl və Şəmkirin tarixi irsi qorunmaqla yanaşı, müasirliyinə də önəm verilir. Bu şəhərlərdə yenilik, müasirlik və dəyişiklikləri gördük. Həqiqətən də bütün şəhər və rayonlarımız çox sürətlə inkişaf edir”.

Qax rayonu Tofiq İsmayılov adına 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Orxan Məmmədov: “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etdiyim üçün çox sevinirəm. Gəncə gözəl şəhərdir. Mən bu şəhəri və onun sakinlərini heç vaxt unutmayacağam. Çünki yoldaşlarımla birlikdə Gəncədə doyunca gəzdim, əyləndim, özümə yeni dostlar qazandım, həm də “Nə? Harada? Nə vaxt?” intellektual oyununun qalibi oldum. Komandanın kapitanı olaraq məsuliyyətim böyük idi. Sualları tapmağımızda məktəbdə aldığımız bilik, bir də tur-aksiya zamanı verilən məlumatlar köməyimiz oldu. Yarış gərgin, lakin maraqlı keçdi. Komandaların hamısı güclü idi. Lakin sonda turnirin kubokunu mənim də kapitanı olduğum Qax məktəbliləri qazandı. “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bizə belə bir şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq. Komandamızın bu layihədə qazandığı uğura təhsil aldığımız məktəblərin müəllimləri və şagirdləri sevinəcəklər. Əminəm ki, layihə çərçivəsində əldə etdiyimiz hər bir uğur gələcəkdə Vətənimizin adına qazanacağımız böyük qələbələrin başlanğıcıdır”

Yasamal rayonu Akademik Zərifə Əliyeva adına Liseyin 11-ci sinif şagirdi Fidan İbrahimova: “Biz Naxçıvanın möcüzəli təbiəti, qədim tarixi, inkişaf edən bölgələri və bu il ölkəmizin Gənclər Paytaxtı seçilən Naxçıvan şəhəri ilə yaxından tanış olduq. Muxtar respublika paytaxtı həqiqətən də çox gözəl, təmiz və gözoxşayan bir şəhərdir. Möminə xatın türbəsi, Xan sarayı, Ordubad və Şahbuzun əsrarəngiz təbiəti və gözəlliyi bizi valeh edib”.

Səbail rayonu 132-134 nömrəli təhsil kompleksinin 10-cu sinif şagirdi Həvva Yusifova: “Çox sevinirəm ki, doğma Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvandayam. Muxtar respublikanın gəzməli-görməli yerləri, tarixi abidələri haqqında əvvəllər də çox məlumatım olub. Ancaq necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Burada olduğum üç gün ərzində Naxçıvanın tarixi keçmişinə dair çox şey öyrənmişəm. Naxçıvan səfəri bizim Vətən, yurd sevgimizi daha da artırdı. Bu səfər bizim həyatımızda unudulmaz xatirəyə çevriləcək. Buna görə də yoldaşlarım adından dövlətimizə öz minnətdarlığımı bildirirəm”.

Yasamal rayonu 20 saylı tam orta məktəb-liseyin 10-cu sinif şagirdi Nizami Xəlilov: “Bu cür tur-aksiyalar şagirdlərin dünyagörüşünün, biliklərinin artırılması baxımından çox əhəmiyyətlidir. Naxçıvan qədim tarixi abidələrlə zəngin bir diyardır. Naxçıvanın gözəl təbiəti və çox qonaqpərvər insanları var. Bu tur-aksiyanın təşkil olunmasına görə Prezidentimizə məktəblilər adından minnətdarlığımı bildirirəm”.

Səbail rayonu 51 saylı tam orta məktəbin 9-cu sinif Eldar Ağayev: “Mənim üçün isə ən maraqlısı Batabat Astrofizika Rəsədxanası ilə tanışlıq oldu. Rəsədxanada olmaq mənim çoxdankı arzum idi. Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq da çox maraqlı idi. Duzdağ Fizioterapiya Mərkəzi özünün təbii şəfa mənbəyi olması ilə dünyanın nadir yerlərindən biridir. Çox sevinirəm ki, Duzdağla yaxından tanış ola bildim. Naxçıvanı yaxından tanımaq üçün biz məktəblilərə yaradılan bu gözəl imkana görə, şagird yoldaşlarım adından təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Saatlı rayonu Dəllər kənd tam orta məktəbin 9-cu sinif şagirdi Əhsən Rzazadə: “Belə layihələr ölkəmizi yaxından tanımaq, tarixini öyrənmək, təbiəti, gəzməli-görməli yerləri ilə tanış olmaq üçün çox yaxşı fürsətdir. Biz Göygöl dolaylarından qalxarkən qarşıdakı yol iki istiqamətə ayrılırdı. Sağ tərəfdəki yolun kənarında lövhənin üzərinə “Kəlbəcər 80” yazılmışdı. Deməli, bu gün işğal altında olan Kəlbəcər bizdən çox da uzaqda deyil. Tur-aksiyada iştirak edən yoldaşlarımın bir çoxu 11-ci sinif şagirdləridir. Ona görə də bu tur-aksiya onlar üçün sonuncudur. Mən isə 9-cu sinifdə oxuyuram və gələcəkdə bir daha “Ölkəmizi tanıyaq” layihəsində iştirak etmək istərdim. Gələcəkdə bu layihəyə qoşulsam arzum budur ki, Kəlbəcər-Laçın-Şuşa marşrutu üzrə hərəkət edək”.

Kürdəmir rayonu Dəyirmanlı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Nurlanə Hüseynova: “Ölkəmizi tanıyaq” tur-aksiyası biz gənclərin gələcəyi üçün çox uğurlu layihədir. Bu aksiya bizə Vətənimizi sevməyi öyrədir. Vətənimizi sevmək üçün isə onu görmək və tanımaq çox vacibdir. Göygöl şəhərindəki binalar həm Kürdəmirin, həm də Gəncə şəhərinin tikililərindən fərqlənir. Bələdçilər bizə məlumat verdilər ki, bu şəhər XIX əsrdə alman koloniyaçıları tərəfindən salınıb. Şəhərdəki bütün binalar həmin dövrdən bu günədək qorunub saxlanılıb. Enli, təmiz və səliqəli küçələr, çatmatağlı taxta eyvanlar, hündür çinar ağacları və böyük kilsə o dövrün yadigarlarıdır. Bununla yanaşı, şəhərdə yeni salınan Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, ətrafdakı böyük park, bir də şəhərin ən hündür yerindəki Bayraq meydanı və muzey son illərdə bu şəhərin inkişafını göstərən ən gözəl tikililərdir. Elə bizi də ən çox sevindirən gəzdiyimiz şəhər və rayonların yeniləşən siması oldu. Marşrut boyu şəhər və rayonlarda aparılan tikinti-quruculuq və abadlıq işlərini öz gözlərimizlə gördük, bölgələrimizin sürətli iqtisadi inkişafının canlı şahidi olduq, həmin rayonlar barədə ətraflı məlumat əldə etdik”.

Astara şəhəri Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin X sinif şagirdi Aytən Vəliyeva: “Ekskursiyamız bu gün başa çatır. Gəzdiyimiz, gördüyümüz yerlər elə maraqlı idi ki, dörd gün necə keçdi heç xəbər tutmadıq. Biz Azərbaycanın cənub bölgəsində yaşayırıq. İlk dəfədir şimal bölgəsinə gəlirəm. Burada hava bizim zonaya nisbətən soyuq olsa da, insanları istiqanlı və mehribandır. Bu ekskursiyada iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Xaçmazda açıq səma altında Şəxsiyyətlər Muzeyi, Qusarın Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi, zəngin memarlıq üslubuna malik Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi yaddaşımda silinməz izlər buraxdı. Gördüklərim barədə təəssüratlarımı ailə üzvlərim və dostlarımla bölüşmək üçün tələsirəm. Ekskursiyaya başlayanda bu qədər maraqlı olacağını təsəvvür etmirdim. Təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Kürdəmir rayonu Keçili kənd tam orta məktəbin X sinif şagirdi Adil Əlizadə: “Yurdumuzun şəhərləri açıq səma altında muzeyi xatırladır. “Ölkəmizi tanıyaq” layihəsi Azərbaycanın nə qədər fərqli gözəlliklərə və zəngin mədəniyyətə sahib olduğunu mənə və bu tur-aksiyaya qoşulan bütün yoldaşlarıma bir daha sübut etdi. Gəncəyə gələrkən biz şəhərin girişində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunan kitab formalı 5 heykəlin yanından ötüb keçdik. Yaxınlıqda isə böyük filosofun qırmızı qranitdən ucaldılan möhtəşəm məqbərəsi və onun qarşısında yeni tikilən muzeyi görünürdü. Geniş düzənlikdən sonra qarşımızda açılan bu mənzərə mənə xoş təsir bağışladı. Burada yaradılan hər şey insana elmin və təhsilin ucalığını, mütaliənin isə faydalarını xatırladırdı. Bu, həm gəncəlilərin dahi şairə və onun hikmət xəzinəsinə - “Xəmsə”yə verdikləri dəyər, həm də bizim Gəncə şəhəri haqqında ilk təəssüratımız idi. İki gün ərzində biz Gəncə şəhərinin tarixi və müasir tikililəri ilə tanış olduq. Şəhərin istər qırmızı kərpicli tarixi tikililəri, istərsə də müasir binaları olduqca gözəl idi. Gəncənin tarix boyu çoxsaylı qanlı vuruşların meydanı olduğunu və bu müharibələrdən nə qədər ziyan çəkdiyini öyrənmişdim. Amma burada müasir binalarla yanaşı, qədim abidələri də görəndə çox sevindim. Fikirləşdim ki, ulu babalarımız xalqımızın yaratdığı zəngin maddi-mədəni irsin gələcək nəsillərə çatdırılması üçün çox böyük qəhrəmanlıqlar göstərib, bu torpaq uğrunda canlarından keçiblər. Ona görə də tariximizə hörmət və ehtiram, eyni zamanda, onu qorumaq gənclərin Vətən qarşısında ən müqəddəs borcudur”.

Zaqatala rayonu akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ramazan Əliyev: “Ölkəmizi tanıyaq” layihəsinə qoşulduğum üçün özümü sevincli və bir o qədər də şanslı hesab edirəm. Gəncə gözəl şəhərdir. Yoldaşlarımla bərabər həm Gəncədə doyunca gəzdim, əyləndim, özümə yeni dostlar qazandım, həm də “Nə? Harada? Nə zaman?” intellektual oyununda komandamız 2-ci oldu. Komandanın kapitanı olaraq məsuliyyətim böyük idi. Sualları tapmağımızda məktəbdə aldığımız biliklər, bir də tur-aksiya zamanı verilən məlumatlar köməyimiz oldu. Yarış gərgin, lakin maraqlı keçdi. Komandaların hamısı güclü idi. Bu yarışda Qax rayonunun eyniadlı komandası 1-ci yerə, mənim kapitanı olduğum “Boz qurd” komandası isə ikinci yerə layiq görüldü”.

Ucar rayonu 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Rövşanə Ədilova: “Sabahın alimləri” müsabiqəsinin rayon üzrə qaliblərindən biri olduğuma görə məktəbimizin rəhbərliyi tövsiyə etdi ki, mən də “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulum. Elmi daha çox sevdiyimə görə məni ən çox müasir zavod və fabriklər, eləcə də həmin müəssisələrdə istehsal olunan məhsullar maraqlandırır. Tur-aksiya çərçivəsində nəhəng Gəncə Avtomobil Zavodu ilə tanışlıq bütün yoldaşlarım kimi, mənim də yaddaşımdan heç vaxt silinməyəcək. Müəssisədə olarkən bildirdilər ki, hazırda Gəncə Avtomobil Zavodu dünyanın bir çox ölkələri ilə müqavilə bağlayıb və ildən-ilə istehsal sahəsini genişləndirir. Sonra biz zavoddakı istehsal prosesi ilə yaxından tanış olduq. Burada olarkən öyrəndim ki, bu gün rayonumuzda əkin sahələrində işləyən “Belarus” traktorları bu zavodda istehsal olunurmuş. Rayonumuza zəngin təəssüratlarla qayıtdığıma görə çox sevinirəm. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizə bu imkanı yaradanlara “Çox sağ olun!” deyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.