REGİONLAR
“Ölkəmizi tanıyaq”: məktəblilərin mənalı istirahəti ilə yanaşı, onların maariflənməsinə də böyük önəm verilir
Qəbələ, 14 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.
AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Saatlı, Sabirabad və Zərdab rayonlarından olan məktəblilər Şəki və Zaqatala rayonlarına ekskursiya etdikdən sonra noyabrın 14-də Azərbaycanın dilbər guşələrindən olan Qəbələyə gəliblər.
Şagirdlər Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları tərəfindən mehribanlıqla qarşılanıblar. Məlumat verilib ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm infrastrukturları rayonun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.
Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən 3 qrupun üzvləri əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Şagirdlər muzeyin qarşısında kollektiv xatirə şəkli çəkdiriblər.
120 nəfər məktəblinin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, kompleksin 4 kanat xəttinin hamısı və 10 xizək yolundan 8-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb. Bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir.
Bildirilib ki, ötən 3 il ərzində “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən 350 mindən çox yerli və xarici qonaq istifadə edib.
Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq, Qəbələ şəhərini, ətrafdakı çayları, meşələri seyr edib, xatirə şəkli çəkdiriblər.
Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə kresloların aşağı enməsi ilə konsert, iclas üçün müstəvi halına keçə bilir.
Sonra şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
“Beltmann” piano fabrikində istehsal prosesini izləyən tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 udin yaşayır ki, onların da 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Nic qəsəbəsində udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur.
Məktəblilər Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olublar. On iki hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Ümumilikdə, 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Həmçinin şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiyanın iştirakçılarına bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim Qəbələ şəhəri barədə geniş məlumat verilib.
Qəbələyə təşkil edilən tur-aksiya zamanı şagirdlərin istirahəti ilə yanaşı, onların maariflənməsinə də böyük önəm verilib.
Şagirdlər Qəbələyə səfərlərin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Karvansaray” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.