ELM VƏ TƏHSİL
“Ölkəmizi tanıyaq” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23- də Bakı Biznes Universitetində Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun məktəbliləri arasında “Ölkəmizi tanıyaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə universitetin rektoru, professor İbad Abbasov Prezident İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb, müsabiqənin əhəmiyyətindən danışıb.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında və inkişafında, onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolunu diqqətə çatdırıb, şagirdlərə təhsildə uğurlar arzulayıb.
Müsabiqə barədə məlumat verilib. Qeyd olunub ki, məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 11-dən 14-dək Lənkəran, Masallı və Astara rayonlarında olublar. Onlar həmin rayonların tarixi, abidələri, muzeyləri, təbiəti, sosial-iqtisadi inkişafı və s. barədə bağlı ətraflı məlumatlar əldə ediblər.
Bildirilib ki, şagirdlər inşa yazılarında “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə təəssüratlarını əks etdirəcəklər.
Sonra 40 şagirdin qatıldığı inşa yazı müsabiqəsi başlanıb.
Müsabiqənin nəticələrinə əsasən birinci, ikinci və üçüncü yerləri tutan məktəblilərə diplom və qiymətli hədiyyələr, fərqlənən 10 şagirdə isə sertifikat təqdim olunub.
Xatırladaq ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəranda keçirilən “Nə?, Harada?, Nə zaman?” intellektual yarışa doqquz rayondan 70 komanda qatılıb. İki turdan ibarət yarışda Yasamal rayonunun məktəbliləri birinci, ikinci və üçüncü yerləri tutub, üç kubok, medal və sertifikatlara layiq görülüblər.