REGİONLAR


“Ölkəmizi tanıyaq”: naxçıvanlı məktəblilər Bakı şəhəri ilə yaxından tanış olacaqlar

Naxçıvan, 15 mart, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara martın 15-də Naxçıvan şəhərində də start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.

Bakı şəhərinə yola düşən tur-aksiya iştirakçısı, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Firuz Məmmədli ilə AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi, ümumilikdə, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır. Bakı şəhəri ilə tanışlıq zamanı paytaxtımızın inkişafının canlı şahidi olacağını qeyd edən Firuz Məmmədli deyib: “Dövlət başçısının tövsiyəsi ilə reallaşan bu layihə sayəsində biz şagirdlər ölkəmizi daha yaxından tanıyacağıq. Yaradılan bu şəraitə görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin 11-ci sinif şagirdi Nihad Ələkbərov isə deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası biz məktəblilərin dünyagörüşünün zənginləşməsinə böyük təsir göstərəcək. Tur-aksiya ərzində bu günədək görmədiyimiz tarixi yerlərlə tanış olmaq imkanı qazanacaq, paytaxtımız Bakı şəhərini yaxından tanıyacaq, yeni məlumatlar əldə edəcəyik”.

X X X

Martın 15-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Xətai və Səbail rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.