REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyaları gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında böyük rol oynayır
Masallı, 23 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Masallı və Cəlilabad rayonlarının məktəbliləri martın 23-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə ölkəmizin şimal bölgəsinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Masallı şəhərindəki Heydər Əliyev Parkında keçirilən yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova bildirib ki, tur-aksiya gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin bölgələrinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də Prezident İlham Əliyevin yeniyetmələrə və gənclərə qayğısının bariz nümunəsidir.
Mərasimdə ölkəmizdə, o cümlədən Masallı rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən də danışılıb.
Məktəblilər dörd gün müddətində Qubada Heydər Əliyev və Gənclər mərkəzləri, Cümə məscidi, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, xalçaçılıq sexi, Xınalıq yolundakı şəlalə ilə yaxından tanış olacaqlar.
Qusarda da məktəbliləri maraqlı səyahət gözləyir. Onlar Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiya edəcək, Həzrə kəndində Şeyx Cüneyd türbəsi, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, rayon tarix-diyarşünaslıq muzeyi, Olimpiya İdman Kompleksi, rəsm qalereyası ilə tanış olacaqlar.
Xaçmaz rayonunda tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Çənlibel Parkı, Dövlət Rəsm Qalereyası və Şəxsiyyətlər Muzeyinə baş çəkəcəklər.
x x x
Martın 23-də “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cəlilabad rayonunun məktəbliləri də respublikamızın şimal bölgəsinə yola düşüblər.
Aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Onlar, həmçinin Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olublar.
Yolasalma mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaların əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən məktəblilər və müəllimlər Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.