REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naftalan məktəbliləri şimal bölgəsinə yola düşüblər
Naftalan, 12 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhər ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup noyabrın 12-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.
AZƏRTAC xəbər verir ki, Naftalanın mərkəzində şəhər rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə tur-aksiya iştirakçılarının, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlərin Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərasimdə qeyd edilib ki, iştirakçılar tur-aksiya çərçivəsində Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.
Yolasalma mərasimində çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin, eləcə də müstəqillik illərində qazandığı nailiyyətlərin yaxından öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Həmçinin, tur-aksiya vasitəsilə şagirdlər tədrisdə qazandıqları nəzəri biliklərini möhkəmləndirəcək, xoş səfər təəssüratları isə məktəblilərin şəxsiyyət kimi inkişafına kömək edəcək və onların mənəvi zənginliyini artıracaqdır.
Təhsil işçiləri və valideynlər şagirdlərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulayıblar.
Mərasim başa çatdıqdan sonra məktəblilər və qrup rəhbərləri onlar üçün ayrılmış avtobusla şimal bölgəsinə yola düşüblər.