CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Nizami rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşüblər
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəblilər ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin inzibati binasının foyesindəki büstünün önünə gül dəstələri düzüblər.
Yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl Azərbaycan vətəndaşı kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlət tərəfindən görülən tədbirlərdən danışıb. “Ölkəmizi tanıyaq” tur aksiyasının da dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsi olduğunu vurğulayıb. G.İsrafilova artıq 10-cu dəfə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-askiyasının təşkil edildiyini və rayon məktəblərinin ən qabaqcıl, biliyi və istedadı ilə seçilən nümunəvi 40 şagirdinin Gəncə-Şəmkir-Göygöl bölgələrinə yola salındığını qeyd edib və məktəblilərə uğurlar arzu edib.
Mərasimdə çıxış edən şagirdlər də onlar üçün bu cür imkanı yaratdığına dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış ediblər.
Daha sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola salınıblar.