CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçılarının Yasamal rayon ictimaiyyəti ilə görüşü olub
Bakı, 14 mart, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra məktəblilər və rayon rəhbərliyi ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Qeyd edilib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23444 nəfərə çatıb. Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində mart ayının 15-18-də Yasamal rayonundan olan 27 məktəbli Naxçıvan istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, milli adət-ənənələrlə yaxından tanış ola biləcək.
Rayon Ağsaqqallar Şurasının sədri akademik Kərim Kərimov gənclərə dövlət qayğısının vacibliyindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib.
Sonra Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxış edərək bildirib ki, Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər. Qeyd olunub ki, hər il tur-aksiyalarda intellektual oyunlar təşkil olunur, qaliblərə xatirə hədiyyələri verilir, onlar üçün əyləncəli konsert proqramları təşkil edilir.
Tədbirdə 31 saylı məktəbin valideyni Rəşid Rzazadə və 18 saylı məktəbin 10-cu sinif şagirdi Kənan Ağayev ölkə başçısının aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söz açıb, təşəkkürlərini bildiriblər.
Sonda məktəblilər Vətənə həsr etdikləri şeirləri səsləndiriblər.