REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyasına Oğuz məktəbliləri də böyük həvəslə qoşulublar
Oğuz, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Oğuz rayonunun məktəblilərindən ibarət qrup noyabrın 17-də səhər saatlarında respublikamızın şimal bölgəsinə yola salınıb.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən yolasalma mərasimində çıxış edən icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski tur-aksiyanın əhəmiyyətindən söhbət açıb. Bildirib ki, məktəbliləri dörd gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarında çox maraqlı ekskursiyalar gözləyir. Onlar bu rayonların tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, görməli yerlərini gəzəcəklər. Bundan əlavə, tur-aksiya iştirakçılarının asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, bilik yarışlarının, əyləncəli proqramların təşkili də nəzərdə tutulub. Yusif Naxçıvanski Oğuz məktəblilərinə bu yarışlarda fəal iştirak etməyi, rayonun adını daha da yüksəltməyi tövsiyə edib.
Rayon rəhbərliyinin və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.