CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyasının 6-cı mərhələsinə start verilib
Bakı, 12 noyabr, AZƏRTAC
Bu gün “Ölkəmizi tanıyaq” tur-aksiyasının 6-cı mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, noyabr ayının 12-15-ni və 17-20-ni əhatə edəcək bu mərhələdə 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə 3120 nəfər iştirak edir.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Aksiya çərçivəsində ölkə gəncləri Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar, Xaçmazda qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirəcək, park və xiyabanları gəzəcək, qoruq və göllərə ekskursiya edəcəklər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Bu tur-aksiya çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etmək üçün “Nə? Harada? Nə zaman?” intellektual oyunları təşkil ediləcək, qaliblərə xatirə hədiyyələri təqdim olunacaq. Tədbir çərçivəsində iştirakçılar tərəfindən xüsusi hazırlanmış yerlərdə 3 mindən çox ağac əkiləcək.