REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Qəbələdə unudulmaz bir gün keçirdilər

Qəbələ, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səyahətə çıxan Gəncə şəhərinin, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər (Gəncə), Xocalı (Goranboy) və Tərtər rayonlarının məktəbliləri martın 17-də Qəbələ rayonunun müasir istehsal müəssisələri, tarixi məkanları, turizm və istirahət mərkəzləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, binanın birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar, ikinci mərtəbəsində isə 1200 yerlik çoxfunksiyalı konfrans zalı yerləşir. Bu zal kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Qəbələ konserv zavodunda olan məktəblilərə məlumat verilib ki, burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi, həmçinin sərinləşdirici işçilər istehsal olunur.

Məktəblilərin Qəbələ ilə tanışlığının növbəti ünvanı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub.

Bölgənin ən çox turist qəbul edən bu obyektində hazırda 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3 min nəfərə xidmət göstərə bilir. Dörd kanat xəttinin ümumi uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illər ölkəmiz üçün yeni idman növü olan xizəkçiliyin gənclər arasında yayılmasına səbəb olub. Kompleksin xizəkçilik mərkəzi həm turizmin inkişafı, həm də yeni dağ idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu məlumatları maraqla dinləyən məktəblilər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.

“Qəbələnd” İstirahət və Əyləncə Mərkəzinə ekskursiya da məktəblilərin ürəyincə olub.

Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsində olublar. Məlumat verilib ki, kilsə qədim abidələrdən biridir. Tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə dörd mindən çox udi yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur.

Məktəblilərin Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna ekskursiyaları da maraqlı keçib.

Tur-aksiya iştirakçıları şam yeməyindən sonra intellektual yarışlarda öz biliklərini nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.