REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Qəbələyə gəliblər

Qəbələ, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Gəncə şəhərinin və 8 rayonun məktəblilərindən ibarət qruplar səfərin birinci günü – martın 15-də günorta saatlarında Qəbələ şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Karvansaray” və “Qafqaz Sport” otellərində yerləşən Gəncə şəhərinin, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər (Gəncə), Xocalı (Goranboy) və Tərtər rayonlarının məktəbliləri nahardan sonra Qəbələ rayonu ilə tanışlığa başlayıblar. Məktəblilər əvvəlcə Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.

Tur-aksiya iştirakçılarının Qəbələnin görməli yerləri ilə ilk tanışlığı Yengicə kəndindəki zooparka ekskursiya ilə başlayıb.

Sonra tur-aksiya iştirakçıları rayonun məşhur istirahət məkanlarından olan Nohur gölünə səyahət ediblər. Bildirilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.

Məktəblilər gölün ətrafında xatirə şəkilləri çəkdiriblər.

Tur-aksiya iştirakçıları şimal-qərb bölgəsinə ekskursiyanın növbəti günlərində Şəki və Zaqatala rayonlarının, həmçinin Qəbələnin tarixi məkanları, görməli yerləri, turizm obyektləri və istehsal müəssisələri ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.