MƏDƏNİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Xalça Muzeyində
Bakı, 17 mart, Aynur İsmayılova, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Naxçıvandan qatılmış məktəblilər martın 17-də Xalça Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə Novruz festivalı çərçivəsində təşkil edilən tur-aksiyanın iştirakçıları muzeydə xalçalarla tanış olub, xalçanın toxunma prosesi ilə maraqlanıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Pənah İsmayılov AZƏRTAC-a bildirib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird, 20 bələdçi-müəllim Bakıya gəlib. Budəfəki səyahət Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən məktəblilər üçün daha yaddaqalan olub.
Bildirilib ki, iki mərhələdən ibarət olan aksiyanın keçirilməsinin məqsədi şagirdləri tarixi-mədəni irsimizlə tanış etmək, onların dünyagörüşünü artırmaqdır.
Aksiya çərçivəsində Beynəlxalq Muğam Mərkəzinə gələn şagirdlər buradakı eksponatlarla tanış olublar.
Sonda tur-aksiyanın iştirakçıları üçün Novruz nəğmələrindən ibarət konsert keçirilib.
Tur-aksiya martın 23-dək davam edəcək.