REGİONLAR
Ölkəmizin 70 rayonunun 1400 gənci intellektual mübarizəyə qoşulub VİDEO
Quba, 4 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 4-də Qubada ölkəmizin 70 rayonundan 1400 gəncin cəlb olunduğu intellektual yarışlara start verilib.
AZƏRTAC xəbər verir ki, “İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan İntellektual Birincisi” layihəsinin ilk mərhələsində beş şimal rayonunun (Quba, Şabran, Xaçmaz, Qusar, Siyəzən) gənc intellektləri mübarizə aparır.
Qubadakı Gənclər Evində təşkil olunan yarışların açılış mərasiminə dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həya keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
Sonra mübarizəyə start verilib. İştirakçılar dörd intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə mübarizə aparıblar.
Layihə iki mərhələdən ibarət olacaq. Gənclərin maarifləndirilməsinə istiqamətlənən layihə Qubadan sonra Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ümumilikdə, 10 regionda təşkil ediləcək. Qalib komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
“Azərbaycanın İntellektual Birincisi” layihəsinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan final mərhələsi Bakıda təşkil ediləcək.