REGİONLAR
Ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvan ötən ay gənclərlə bağlı əlamətdar tədbirlərə ev sahibliyi edib
Naxçıvan, 10 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi noyabr ayında da diqqət mərkəzində saxlanılıb, Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib, “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin, həmçinin Azərbaycanın regionlarından fəal gənclərin və gənclər təşkilatlarının üzvlərindən ibarət 100 gəncin muxtar respublikaya ekskursiyası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, həmçinin əcnəbi tələbələr arasında müsabiqələr keçirilib. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi məqsədilə Naxçıvan Müəllimlər İnstitutunda açıq dərs, gənclərin iştirakı ilə “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda dəyirmi masa təşkil olunub.
Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar stolüstü tennis, badminton, voleybol və kross qaçışı üzrə muxtar respublika birincilikləri keçirilib. Culfa Rayon Mərkəzi Stadionu isə yenidən qurularaq gənclərin istifadəsinə verilib. Həmçinin məktəblilər və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat, idmanın müxtəlif növləri üzrə şəhər və rayon birincilikləri, yoldaşlıq görüşləri təşkil olunub.
Noyabr ayında muxtar respublika idmançıları ölkə birinciliklərində 8 medal qazanıblar.