REGİONLAR


“Ölkəmizin Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan, 31 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək, tədbirin muxtar respublikanın Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunduğunu vurğulayıb. Müsabiqə barədə məlumat verən nazirlik əməkdaşı bildirib ki, muxtar respublikada fəaliyyət göstərən tələbə-gənclər təşkilatları ilə işin canlandırılması, tələbə-gənclər təşkilatları sədrlərinin fəallığının artırılmasına stimul vermək məqsədilə həyata keçirilən “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsi dörd yarışmadan ibarətdir.

Müsabiqənin “Təbiətsevər” yarışmasında ilk üç pillədə müvafiq olaraq Naxçıvan Dövlət Universiteti (NDU), Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Texniki Kollecinin komandaları qərarlaşıblar.

“Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda məqalə yarışmasının qalibi isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatimə Həsənova olub. NDU-nun tələbəsi Gülay Tahirli və Naxçıvan Musiqi Kollecinin tələbəsi Gülzar Heydərli ikinci və üçüncü yerlərə layiq görülüblər.

“Vətənpərvər” qısametrajlı film yarışmasında Naxçıvan Dövlət Texniki Kollecinin komandasının çəkdiyi film qalib adını qazanıb. NDU və Naxçıvan Müəllimlər İnstitutunun komandaları ikinci və üçüncü olublar.

“On/off” video yarışmasının qalibi isə NDU-nun tələbəsi Kənan Hacızadə olub. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Elcan İbrahimov və Naxçıvan Tibb Kollecinin tələbəsi Aytac Mərdanlının da hazırladıqları videolar mükafatçılar sırasına düşüb.

Mükafatlandırma mərasimində qalib komandaların hazırladıqları videolar nümayiş etdirilib.

Sonra qalib komandalar və onların üzvləri mükafatlandırılıblar.

Tədbir konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.