REGİONLAR


Ölkəmizin cənub bölgəsi yay turizm mövsümünə tam hazırdır

Lənkəran, 20 iyun, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanın turizm məkanlarından biri olan cənub bölgəsi yay turizm mövsümünə tam hazırdır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran Turizm-İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyib.

Əvvəlki illərdən fərqli olaraq cənub bölgəsində yay turizm mövsümünün bu ilin mart ayından başlandığını vurğulayan İ.Əzimov yeni mövsümünün başlaması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Lənkəran Turizm-İnformasiya Mərkəzinin əməkdaşlarından ibarət işçi qrupunun bölgənin turizm və istirahət mərkəzlərində, çimərliklərdə monitorinqlər aparıldığını diqqətə çatdırıb.

Geniş turizm imkanlarına malik olan cənub bölgəsinin əsrarəngiz təbiəti, tarixi abidələri, milli mətbəxi, adət-ənənələri, folkloru rayona gələn turistlərin böyük marağına səbəb olub.

Ölkəmizə gələn turistlərin ilk üz tutduğu məkanlardan biri də Lənkəran rayonudur. Turistləri buraya cəlb edən əsas amillər isə Lənkəranın dəniz, dağ və meşə ilə əhatə olunmasıdır.

Son illər rayona gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu ilin beş ayında Lənkəranda mehmanxana və mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı 8857 nəfər olub. Onlardan 10 faizi xarici turistlərdir. Bölgəyə ən çox turist İran İslam Respublikasından və Rusiya Federasiyasından gəlib.

Lənkəran Turizm-İnformasiya Mərkəzi cənub bölgəsinin turizm potensialının təbliği sahəsində müxtəlif tədbirlər həyata keçirib.

Mərkəzin direktoru İlqar Əzimov bildirib ki, Lənkəranın turizm potensialını əks etdirən ingilis və Azərbaycan dillərində buklet, flayer və digər çap materialları hazırlanaraq sərgilərdə nümayiş etdirilib, turistlərə təqdim olunmaq üçün rayonda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərə, muzeylərə və Heydər Əliyev Mərkəzinə paylanılıb.

Eyni zamanda, rayonun turizm potensialını təbliğ edən orijinal flayer və təqvim, Lənkəranın turist marşrutu xəritəsi hazırlanaraq gələn qonaqlara verilib. Hazırda isə cənub bölgəsinin turist marşrutu xəritəsi üzərində iş gedir.

İlk dəfə olaraq Mərkəz tərəfindən Lənkəranda fəaliyyət göstərən otellərin ingilis və rus dillərində kataloqu hazırlanıb. Cənub bölgəsinin digər rayonları Lerik və Astara üzrə də bu tip çap məhsullarının hazırlanması planlaşdırılıb.

Ölkəmizin cənub bölgəsinin turizm potensialının beynəlxalq səviyyədə təbliğ olunması məqsədilə Mərkəz aprelin 5-7-də Bakıda keçirilmiş turizm və səyahətlər sərgisində bölgəni layiqincə təmsil edib. Sərgi çərçivəsində iştirakçılara yerli sənətkarlar tərəfindən hazırlanan milli suvenirlər təqdim olunub.

Sərgidən sonra cənub bölgəsinin turizm məkanlarına maraq artıb, istirahət ocaqları və turlarla bağlı müraciətlər olunub. Xüsusilə əcnəbi turistlərin bölgəyə axını artıb.

İyunun əvvəlində İtaliyanın müxtəlif bölgələrini təmsil edən turist heyəti Lənkərana səfər edib. Lənkəran Turizm-İnformasiya Mərkəzi tərəfindən gələn qonaqlar üçün maraqlı turlar təşkil olunub.

Son illərdə ölkəmizə xarici turist axınını nəzərə alaraq turizm obyektlərində qonaqlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi mühüm rol oynayır. Bununla əlaqədar mütəmadi treninq və seminarlar təşkil olunur. Nəticədə respublikamıza, eləcədə bölgələrə səfər edən xarici turistlərin sayı ildən-ilə artır.

Xarici turistlərin ölkəmizə daxil olmalarını asanlaşdırmaq və qeydiyyatlarının təkmilləşdirilməsi ilə bağlı bir sıra normativ aktlar, o cümlədən mehmanxana və mehmanxana tipli obyektlərdə, turizm məkanlarında əcnəbi turistlərin qeydiyyatının yeni norma və qaydaları qəbul olunub.

İyunun 15-dən yeni turizm mövsümünün başlaması ilə əlaqədar olaraq əcnəbi turistlərin qeydiyyatında olan yeniliklərin tətbiqi ilə bağlı Lənkəran-Turizm İnformasiya Mərkəzi və Dövlət Miqrasiya Xidmətinin Regional İdarəsinin təşkilatçılığı ilə Lənkəranda fəaliyyət göstərən turizm obyektlərinin nümayəndələri üçün maarifləndirici tədbir təşkil olunub.

Mərkəz tərəfindən yerli sənətkarlıq növlərinin təbliği məqsədilə əl işlərinin sərgisi və cənub bölgəsinin turizm potensialını əks etdirən fotosərgilər maraqla qarşılanıb. Lənkəranda fəaliyyət göstərən bir sıra otellərdə Mərkəzin təşəbbüsü ilə yerli sənətkarların əl işlərinin satışına başlanılıb.

Ekoloji turizm növlərinin araşdırılması və milli parklarda müxtəlif turizm xidmətlərinin təşkili, sağlamlıq və ekstremal turizm növlərinin təbliği və inkişafı məqsədilə ekoloji turizm üçün əlverişli imkanları olan Hirkan Milli Parkı ilə əməkdaşlıq davam etdirilir. Milli Parkla yanaşı, turistlər üçün ekoturizm marşrutları üzrə gəzintilər də təşkil olunur.

Bölgə üçün yeni olan aqroturizmin inkişafı ilə bağlı işlərə də start verilib. Turistlər üçün çay plantasiyalarına və çay fabrikinə turlar təşkil edilir.

Hazırda Lənkəranda iki böyük turizm obyektinin tikintisi, Astaradakı dənizkənarı bulvarda genişləndirmə işləri davam etdirilir. Bütün bunlar isə cənub bölgəsinə daha çox turistin gəlməsinə səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.