REGİONLAR
Ölkəmizin cənub regionunda peşə təhsilinin inkişafı üçün yeni perspektivlər yaranır
Lənkəran, 19 fevral, Bağır Əliyev, AZƏRTAC
Təhsil nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov ölkəmizin cənub bölgəsinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Cəlilabad rayonunda inşasına başlanılan Cəlilabad Peşə Təhsil Mərkəzində həyata keçirilən yenidənqurma işləri ilə tanışlıq olub.
Səfər çərçivəsində, həmçinin regionun kadr hazırlığında xüsusi yer tutacaq mərkəzin tələbə və müəllim kollektivi ilə görüş keçirilib.
Görüş zamanı son illər ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən məqsədyönlü islahatların, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində peşə təhsili müəssisələrinin inkişafı məsələləri müzakirə edilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov ilə keçirilən görüşdə tədris prosesinin optimal təşkili məqsədilə yeni imkanlardan söz açılıb. Görüş zamanı toxunulan digər istiqamət yüksək texniki peşə təhsili alacaq tələbələrin növbəti mərhələdə regionda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsillərini davam etdirməkdən ibarət olub.
Digər görüş isə regionda fəaliyyət göstərən işəgötürənlərlə keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları və kadr hazırlığının təşkili prosesində birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
Təhsil nazirinin müavini İdris İsayev strateji yol xəritəsində ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi önəm verildiyini qeyd edərək bildirib ki, artıq peşə təhsili müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb.
Görüşdə Azərbaycan Elmi-Tədqiqat Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran Çay Filialının elmi işçisi Fərman Abdullayev, Lənkəran Peşə Liseyinin direktoru Afar Kərimov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Alim Məmmədov, “Xəzər Palase” İstirahət Mərkəzinin direktoru Kazım Kazımov, “Astaraçay” MMC-nin aqronomu Ağaşirin Ağayev, “DAD House” Turizm Mərkəzinin nümayəndəsi Cem Tanrı Öven və “Lənkəran Sprinqs Resorf” pansionatının şöbə müdiri Talıb Bayramov peşə təhsili müəssisələri və işəgötürənlərin əməkdaşlığı ilə bağlı təkliflərini bildiriblər.