REGİONLAR
Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin Naxçıvana səfəri təşkil edilib
Naxçıvan, 6 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud daha 70 nəfərin muxtar respublikaya səfəri təşkil edilib.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onlar “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Ağbulaq kəndinə, Batabat yaylağına ekskursiyaları təşkil olunub. Onlar buradakı füsunkar təbiət gözəlliklərinə maraqla tamaşa ediblər. Müalicə və gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, onlar göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Ölkəmizin digər bölgələrindən muxtar respublikaya belə səfərlərin qarşıdakı günlərdə də davam etdirilməsi nəzərdə tutulub.