CƏMİYYƏT


Ölkəmizin qida mütəxəssisləri Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olublar

Bakı, 14 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkələr arasında qida təhlükəsizliyi, bitki sağlamlığı və baytarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə qida məhsullarının idxal və ixrac prosedurları ilə bağlı müzakirələrin aparılması məqsədi ilə oktyabrın 7-dən 11-dək Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Monteneqronun Qida Təhlükəsizliyi, Baytarlıq və Fitosanitar məsələlər Agentliyinin rəhbəri Vesna Dakoviç, Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinin dövlət katibi Hambo Tinyak, eləcə də həmin ölkənin Qida Təhlükəsizliyi Agentliyinin direktoru Djemil Hayriçin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib.

Həmin görüşlər zamanı son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verən Agentliyin sədr müavini Rüfət Rüstəmzadə əhalinin sağlam və təhlükəsiz qidalanması istiqamətində qarşıya qoyulan vəzifələrdən danışıb.

Heyvanların identifikasiyası və qeydiyyatı sistemi, subyektlərin qida təhlükəsizliyi və bitki mühafizəsi vasitələrinin qeydiyyatı, sınağı və izlənməsi, qalıq miqdarlarının müəyyən edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda, sertifikatların qarşılıqlı tanınması, səlahiyyətli qurum və özəl laboratoriyalar arasında əməkdaşlığın qurulması, ixrac əməliyyatları üçün elektron sertifikatların verilməsi kimi vacib mövzuların müzakirə olunduğu ikitərəfli görüşlərdə gələcəkdə birgə təcrübə mübadilələrinin həyata keçirilməsi ilə əlaqədar istiqamətlər müəyyən olunub.

Nümayəndə heyətinin üzvləri Monteneqronun Podqoritsa şəhərində Qida məhsullarının təhlükəsizliyi, Baytarlıq və Fitosanitar məsələlər idarəsinin, Ekotoksikoloji sınaqlar mərkəzinin, İxtisaslaşdırılmış baytarlıq laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub və Nikşiç şəhərində yerləşən Qoranoviç ət müəssisəsinə baxış keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.