CƏMİYYƏT
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda aksiz markası olmayan spirtli içkilərin və siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Baş idarənin əməliyyat idarəsinə üzərilərində Azərbaycan Respublikasının müvafiq aksiz markası olmayan müxtəlif markalı spirtli içkilərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən yaşayış sahələrində saxlanılması, habelə həmin spirtli içkilərin bir hissəsinin “Daewoo Damas” markalı minik avtomobilində satış məqsədilə realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Gömrük əməkdaşları tərəfindən ərazidə keçirilmiş əməliyyat tədbiri zamanı “Daewoo Damas” markalı minik avtomobilinə baxış keçirilib və avtomobilin salon və arxa yük yerində saxlanılan müxtəlif ölçülü karton qutulardan və selofan torbalardan 82 ədəd müxtəlif markalı spirtli içkilər aşkarlanıb. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Badamdar qəsəbəsindəki evin həyətyanı sahəsində yerləşən 2 ədəd qapalı tipli yaşayış sahəsinə keçirilən baxış zamanı 1443 ədəd spirtli içkilər və 100 qutu “Davidoff gold slims” markalı siqaretlər aşkar edilib.
Qeyd edək ki, aşkarlanan spirtli içkilərin və siqaretlərin ümumi dəyəri 48 min 502 manat təşkil edir.