MƏDƏNİYYƏT
“Ölməz sənətkar Nizami Gəncəvi və Azərbaycan kinosu” adlı tədbir keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində “Ölməz sənətkar Nizami Gəncəvi və Azərbaycan kinosu” adlı tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin ifasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Sevgili canan” romansının səsləndirilməsi ilə başlanan tədbir Nizami poeziyasının musiqi ilə həmahəngliyini bir daha nümayiş etdirib.
Milli kinomuzda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazı və onun qəhrəmanlarının təcəssümü haqqında ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı mərhum kinorejissor və pedaqoq Eldar Quliyevin yaradıcılığında xüsusi yer tutan və gələcəyə hədəflənmiş “Nizami” bədii filmindən söhbət açılarkən filmdə Nizaminin ilham pərisi Afaq obrazını yaratmış Xalq artisti Həmidə Ömərovaya söz verilib.
Həmidə xanım filmin çəkilişi, kinoda tərəf-müqabili olduğu SSRİ Xalq artisti Müslüm Maqomayevin rol üzərində necə çalışmasından və kinorejissor, Xalq artisti Eldar Quliyevin Nizami poetikasının ekran təcəssümünün əhəmiyyətindən danışıb.
Nizami Gəncəvi yaradıcılığı şeiriyyətlə musiqinin vəhdətindən yaranıb. Şairin qəzəllərini “Segah” muğamı üstündə xanəndə Seyran Əliyev ifa edib.
“Nizami” filmində Məcnun obrazını yaratmış Əməkdar artist Əhməd Salahov filmin ərsəyə gəlməsindən, obraz üzərində çalışmalarından bəhs edib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızı dahi şairin söz xəzinəsindən seçmələri təqdim edib.