SİYASƏT


Olta Xaçka: Albaniya Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlıdır

Bakı, 24 sentyabr, AZƏRTAC

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycanla Albaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, habelə regional məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və təmasların ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək Cənub Qaz Dəhlizi önəmi vurğulanıb.

Ceyhun Bayramov Ermənistan tərəfinin təxribatları barədə məlumat verərək, liderlər arasında imzalanan üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini qeyd edib.

Albaniyalı nazir öz növbəsində ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub, tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi bildirilib.

Görüşdə, həmçinin iki ölkə arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlərə toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.