MƏDƏNİYYƏT
“Ölülər XXI əsr” filminin premyerası olub
Bakı, 22 sentyabr, AZƏRTAC
“Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metro Park” ticarət mərkəzində yerləşən kinoteatrında “Planeta Parni iz Baku” teatrının bədii rəhbəri, Əməkdar Artisti Tahir İmanovun ekranlaşdırdığı “Ölülər XXI əsr” filminin premyerası olub.
AZƏRTAC xəbər verir ki, komediya janrında çəkilən film görkəmli dramaturq C.Məmmədquluzadənin “Ölülər” pyesi əsasında ekranlaşdırılıb. Filmin quruluşçu operatoru Litvadan olan Saulius Lukoseviçius, səs rejissoru isə Rusiyada yaşayan həmyerlimiz Rüstəm Məmmədovdur.
Ekran əsərinin montajı Litvanın Vilnüs şəhərində, səs montajı isə Moskvada aparılıb. Filmdə rolları Xalq Artisti Valeh Kərimov, Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Mehriban Xanlarova, Rövşən Kərimduxt və başqaları ifa edir.
Filmin devizi belədir: “Filmin heç bir qəhrəmanı uydurma deyil. Onları Azərbaycanın görkəmli dramaturqu və satiriki Cəlil Məmmədquluzadə fikirləşib”.
Qeyd edək ki, ekran əsəri bu gündən başlayaraq bütün kinoteatrlarda nümayiş olunacaq.