CƏMİYYƏT
Ölümlə nəticələnən qəza ilə bağlı avtobus sürücüsü və sərnişindaşıma şirkətinin avtodəstə rəhbəri həbs edilib VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub. Yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov qəza nəticəsində iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb. Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə, sürücülük vəsiqəsinin belə olmadığı müəyyənləşib.
Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2-ci (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Artıq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində dörd, “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qəza isə bağlı əlavə istintaq tədbirləri davam etdirilir.
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə tövsiyə olunur ki, insan ölümünə səbəb olan belə qəzaların qarşısını almaq üçün avtobusları sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmayan sürücülərə etibar etməsinlər. Əks halda həmin şirkətlərin məsul əməkdaşları da qanunla nəzərdə tutulduğu qaydada məsuliyyətə cəlb olunacaqlar.