CƏMİYYƏT
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tutulub
Bakı, 9 iyun, AZƏRTAC
Samux rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qaçan sürücü müəyyənləşdirilərək istintaqa cəlb olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 7-də saat 23 radələrində Samux şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyada - 1970-ci il təvəllüdlü Cümşüd Zeynalovu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-31” markalı, 20-CZ-593 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mirzəyev Sahib Həmzə oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.