ELM VƏ TƏHSİL


“Ölümü ömür seçənlər” kitabı nəşr olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, nəşrdə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində tarix yazan, Vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edən 39 kürdəmirli şəhiddən bəhs olunur. Kitab hər şəhidin qısa, eyni zamanda, şərəfli həyatından, insani keyfiyyətlərindən bəhs edən oçerklərdən ibarətdir.

Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və hər bir şəhid haqqında öz düşüncələrini əlavə edib.

Kitabın “Ön söz”ündə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, sonda isə faşizmin mahiyyəti, erməni vandallarının havadarlarının köməyi ilə keçən əsrin əvvəllərindən bu günədək xalqımıza qarşı törətdikləri faciələr, vəhşiliklər haqqında müfəssəl məlumat verilib.

Şəhid olmazdan öncə döyüş yoldaşları, doğmaları ilə qısa danışıqları zamanı dedikləri sözləri onların Vətən, torpaq sevgisi və şəhidliyə münasibəti ilə izah edən müəllif şəhidlərin ali məqama hazır olmasını təsdiq etməklə yanaşı, oxucunu şəhidlərin həm nisgilimiz və faciəmiz, həm də qürurumuz və fəxrimiz olduğunu, bir ailənin deyil, artıq bütöv bir millətin övladı olduğu fikrinə kökləyir, sınmış ürəklərdə təskinlik yaradır.

“Təki Vətən sağ olsun!” deyərək qamətini bükməyən, xalqımızın and yerinə çevrilən şəhid anası obrazını diqqət mərkəzində saxlayan müəllif gənc nəslin torpaq, Vətən, üçrəngli bayraq, şəhid kimi yüksək dəyərlər əsasında tərbiyələndirilməsində Azərbaycan qadınının böyük rolunu oxucuya təqdim edib.

“Ölümü ömür seçənlər” kitabı hər bir şəhidimizin xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.