CƏMİYYƏT
Ölümünü əvvəlcədən hiss edən nəhəng canlı
Bakı, 25 noyabr, AZƏRTAC
Fil heyvanlar aləmində ən böyük canlı hesab edilir. Nəhəng görkəmə malik fillərin əcdadları o qədər də böyük olmayıb. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, keçmiş zamanlarda onların boyu cəmi 1 metrə çatıb. Təbiətin nəhəng canlıları nə az, nə çox 70-80 il ömür sürürlər. Bədəncə ağır çəkili olan heyvanlar dözümlülükləri ilə bir çox meşə heyvanlarından seçilirlər.
AZƏRTAC xəbər verir ki, fili qiymətli və məşhur edən onun 2 metrlik dişləri və 5 tona yaxın çəkisidir. Hər 10-15 ildən bir fillər dişlərini dəyişirlər. Amma təbiətin qəribə varlıqları öz qəribəlikləri ilə də elm adamlarını çaşqın vəziyyətdə qoyur. Afrika həkimləri 400 fili müayinə edəndən sonra aşkar ediblər ki, yeməyi otdan ibarət olan nəhəng heyvanlar skleroz xəstəliyinə tutula bilirlər. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə daha çox yağlı-piyli qida qəbul edənlər tutulurlar.
Fillər çimməyi də çox sevirlər. Onlar çayın qabağını ağac və daşla kəsərək dərinliyi 2 metrədək olan hovuz düzəldir, isti günlərdə hovuzda həvəslə çimirlər. Filin ağlı olduğunu sübut edən digər fakt hər kəsi təəccübləndirir. Alimlər bir müddət fillərin skeletinin harada yerləşdiyini tapa bilmirdilər. Sonralar aydın oldu ki, fil ölümünün yaxınlaşdığını hiss edən kimi özünü çaya və bataqlığa atır.
Onların sadiqliyi isə həqiqətən də örnək sayıla bilər. Filin biri xəstələnəndə digəri onun qulluğunda dayanır, qidalanmaq üçün yemək və su gətirir və acından ölüb qurd-quşa yem olmamasına çalışır. Alimlərin marağına səbəb olan digər bir məqam isə onlarla filin nizami ordu kimi ard-arda düzülərək irəliyə doğru addımlamasıdır.
Aşağı tezlikli səslər yayaraq kilometrlərlə məsafədən belə xəbərləşə bilən fillərin bir-birlərinin ayaq səslərini çox uzaqdan hiss edib başa düşə bildikləri məlum olub. Fillər titrəyişləri yayan sürüdən nə qədər uzaq olsalar, siqnallara bir o qədər az əhəmiyyət verirlər. Qeyd edək ki, fillər heyvanlar arasında ən möhkəm cəmiyyətə sahib olanlardır. Elm adamları müəyyən ediblər ki, hazırda yer üzündə onların 10 növü yaşayır. Təəssüf ki, onların nəsli kəsilmək təhlükəsi qarşısındadır.
Bu maraqlı heyvanların sümükləri dəyərli olduğundan dünyada onların ovlanmağı qadağan edilsə də, brakonyerlər filləri rahat buraxmırlar. Öldürülmüş heyvanların sümüklərindən qiymətli aksesuarlar hazırlanır və dünya bazarına çıxarılır.