İQTİSADİYYAT


Oman və Azərbaycan arasında birbaşa aviareys açılıb

Bakı, 25 iyun, AZƏRTAC

Bakıda “Sheraton” otelində Omanın “Salam Air” aviaşirkətinin Azərbaycana loukost uçuşlara başlamasının təqdimatı keçirilib. Xatırladaq ki, Məsqət-Bakı marşrutu üzrə ilk uçuş iyunun 14-də olub. Tədbirdə aviaşirkətin rəhbərliyi, “Salam Air”in Azərbaycanda rəsmi tərəfdaşı olan “Falcon Luxury Travel” turizm agentliyinin nümayəndələri, jurnalistlər və Omandan gəlmiş blogerlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Salam Air”in direktoru Məhəmməd Əhməd Bakının bu aviaşirkət üçün prioritet uçuş istiqamətlərindən biri olduğunu deyib. Hazırda iki ölkənin paytaxtı arasında həftədə 3 aviareys həyata keçirilir. Lakin yaxın gələcək üçün daha çox reysin, xüsusən bayram günlərində əlavə təyyarələrin ayrılmasına ümid bəslənilir.

İki il əvvəl yaradılmış “Salam Air” şirkətinin aviaparkında 20 ədəd “Airbus A320” təyyarəsi var. Bu təyyarələr regionda Məsqət Beynəlxalq Aeroportundan 14 istiqamət üzrə uçuşlar həyata keçirir. Məsələn, aviaşirkət Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan, İran və digər ölkələrə uçuşlar təşkil edir.

“Falcon Luxury Travel” şirkətinin baş direktoru Pərviz Musayevin sözlərinə görə, Məsqətdən Bakıya birbaşa reysin açılması iki ölkə arasında turist axınını genişləndirəcək. “Biz artıq Omandan sərnişin dolu dörd təyyarə qəbul etmişik və sentyabr ayında Omana Azərbaycandan turistlər göndərməyi planlaşdırırıq. Ölkələr arasında məsafə böyük deyil, viza verilməsi isə maksimum sadələşdirilib və iki günə başa gəlir”.

Sonra tədbir iştirakçılarına Omanın turistlərin məzmunlu istirahəti üçün əlverişli imkanlar yaradan turizm potensialı haqqında məlumat verilib. Ölkə təbii landşaftların müxtəlifliyi və paytaxt həyatının zəngin hadisələri ilə fərqlənir. Oman körfəzinin sahilləri istirahət edənləri olduqca təmiz çimərlikləri, dayvinq, balıqçılıq imkanları və digər əyləncələrlə cəlb edir. “Salam Air” şirkətinin uçuşlar həyata keçirdiyi, əhalisinə görə Omanın ikinci şəhəri olan Salala yaşıl vahələrinin çoxluğu və əlverişli iqlim şəraiti ilə hətta yay aylarında fərqlənir. Omanın tropik iqlimi ekzotik meyvələr və çoxlu şirin xurma növləri yetişdirməyə imkan yaradır.

Emil Eyyubov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.