İQTİSADİYYAT
Omanlı nazir: OPEC-in iclasının məqsədi istehsal məhdudiyyətlərinin müddətinin artırılmasıdır
Bakı, 2 may, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyunda keçirəcəyi iclasın məqsədi neft hasilatının azaldılmasına dair sazişin müddətini artırmaqdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Omanın neft naziri Məhəmməd bin Hamad al-Rumi deyib.
“ABŞ-ın İrana qarşı sanksiyaları çərçivəsində bəzi ölkələrə tətbiq olunan güzəştin ləğv edilməsindən sonra qlobal neft bazarında nə tədarük çatışmazlığı, nə də ki tədarük bolluğu yaranacağını gözləmirəm. Rusiya və Səudiyyə Ərəbistanının bazarda tarazlığı qoruyacağını düşünürəm. Bazar hazırda balanslıdır və neftin qiymətinin 70 dollar/barrel səviyyəsində olması həm istehsalçılar, həm də istehlakçılar üçün məqbuldur. ABŞ-ın İrana qarşı sanksiyaları, Venesuela və Liviyadakı son proseslər fonunda neftin qiymətinin cari səviyyələr ətrafında qalmaqda davam etməsi ehtimalı böyükdür”, - deyə nazir bildirib.
Qeyd edək ki, mayın 2-də ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq etdiyi güzəştin müddəti bitir.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, yanvardan etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Sazişin müddəti iyunda başa çatır.