CƏMİYYƏT
Ombudsman Aparatı Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə müsabiqələr elan edib
Bakı, 26 oktyabr, AZƏRTAC
Ombudsman Aparatı 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini elan edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə üçün yazılar 24 noyabr saat 18:00-dək Ombudsman Aparatına təqdim olunmalıdır.
Müsabiqəyə ünvanlanmış yazıların respublikamızda çıxan hər hansı bir qəzetdə dərc olunması və müəlliflərin münsiflər heyətinə özləri haqqında qısa məlumat, o cümlədən əlaqə telefonları, bir ədəd fotoşəkil (4x5 ölçüdə) göndərməsi mütləq şərtdir.
Ombudsman Aparatı, həmçinin Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini də elan edib. Müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.
Rəsmlər A3 formatda işlənməli və bu rəsmlərin müəllifləri haqqında qısa məlumat, o cümlədən əlaqə telefonları, həmçinin müsabiqə iştirakçılarının bir ədəd fotoşəkli (4x5 ölçüdə) 24 noyabr saat 18:00-dək Ombudsman Aparatına təqdim edilməlidir.
Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək: Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması; BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapması; Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.
İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra on gün ərzində geri götürə bilərlər. Qalib olmuş rəsmlər geri qaytarılmır.