CƏMİYYƏT
Ombudsman Aparatının nümayəndəsi onlayn tədbirdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlərdən danışıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı üzrə onlayn tədbir təşkil edilib. Tədbirin məqsədi insan alverinə qarşı mübarizə sahəsində BMqT tərəfindən həyata keçirilən layihələr çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi olub.
Onlayn tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova iştirak edib.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Aynur Həmidova iştirakçılara Müvəkkilin insan alverinə qarşı mübarizə sahəsində gördüyü işlər haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, Ombudsman təsisatı Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının implementasiyasında, koordinasiyasında və qiymətləndirilməsində fəal iştirak edir.
Ombudsmanın insan alveri qurbanlarının sosial müdafiəsi məqsədilə sosial-reabilitasiya, habelə cəmiyyətə uyğunlaşmaya yönəlmiş proqramların hazırlanması və tətbiqi, ixtisaslaşmış sosial-reabilitasiya xidməti göstərən regional sosial sığınacaq komplekslərinin yaradılması, o cümlədən sığınacaq sisteminin inkişaf etdirilməsi və s. təklifləri barədə məlumat verilib.
Qeyd edilib ki, Ombudsmanın rəhbərliyi ilə MPQ-nin üzvləri tərəfindən mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantları saxlama mərkəzlərinə və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə keçirilən baş çəkmələr çərçivəsində orada saxlanılan şəxslərin hüquqları izah edilməklə yanaşı, həmçinin saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və digər problemlər öyrənilir. Həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərilir.
Həmçinin bildirilib ki, Ombudsman təsisatının sözügedən sahədə əsas fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, İnsan Alverinə Qarşı Yardım Mərkəzinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və QHT-lərin nümayəndələri mövzu ətrafında çıxış ediblər.