CƏMİYYƏT
Ombudsman: Azərbaycan Ordusu məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa etdi
Bakı, 9 dekabr, AZƏRTAC
Bütün insanların bərabərliyini təmin edən İnsan Hüquqları üzrə Ümumi Bəyannamə BMT-yə üzv olan ölkələr üçün mühüm sənəddir. Ümumdünya insan hüquqlarının bəyan etdiyi əsas prinsiplər bir çox konvensiyalarda özünə yer tapıb və dövlətlər üçün icrası mütləq sənəd rolunu alıb. İnsan hüquqlarını müəyyənləşdirən həmin bəyannamə yetmiş ildən çoxdur ki, dünyamızı əsaslı şəkildə dəyişməyə təşviq eləyib. Bu sənəd ilk dəfə olaraq hər bir insanın bərabər hüququnu müəyyən etdi, dövlətlərin insan hüquqları sahəsində mövqeyini dəyişdi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bəzi dövlətlər tərəfindən insanlara qarşı irqi, milli, dini, cinsi, siyasi, sosial mənsubiyyətə və digər əlamətlərə görə sərgilənən ayrı-seçkilik insan hüquqlarının pozulmasına səbəb olmaqdadır. Ombudsman bildirib ki, dözümsüzlük və ikili standartlardan əziyyət çəkən xalqlardan biri də Azərbaycan xalqı olub: “Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icrası 30 ilə yaxın müddətdə yalnız sənəd üzərində qaldı. Ermənistan isə tətbiq edilən ikili standartlardan istifadə edərək Azərbaycana qarşı insan hüquqları cinayətləri törətdi. Bu gün qürur hissi ilə deyirik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa etdi”.
Ombudsman Azərbaycanda insan hüquqları və azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, bu istiqamətdə hüquqi bazanın daim təkmilləşdirildiyini də diqqətə çatdırıb.