CƏMİYYƏT


Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir VİDEO

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş kaset bombalardan istifadə edilməklə Bərdənin ardıcıl iki gün atəşə tutulması nəticəsində baş verən insan tələfatı və dəyən zərərlə bağlı yerində araşdırma aparmaq üçün faktaraşdırıcı missiya çərçivəsində Bərdə şəhərindədir.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, üçüncü humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozan Ermənistan tərəfindən oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinə raket hücumu nəticəsində biri uşaq olmaqla, 5 sakin həlak olub, 13 mülki şəxs isə yaralanıb.

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində ticarət obyektlərinin yerləşdiyi, dinc sakinlərin sıx hərəkətdə olduğu mərkəzi hissəsinə yenidən raket zərbələri endirilməsi nəticəsində 20 mülki şəxs həlak olub, 70 nəfər yaralanıb. Eyni zamanda, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və bir çox nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bununla da müharibə cinayətləri törətməkdə davam edən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror aktı həyata keçirməklə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququ, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il IV Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarını bir daha kobud şəkildə pozub.

Ombudsman Səbinə Əliyeva Bərdədə həlak olan şəxslərin yaxınlarına və yaralılara baş çəkib, zərərçəkmiş şəhər sakinləri ilə görüşüb. Ombudsmanın beynəlxalq ictimaiyyətə təqdim edəcəyi növbəti hesabatına daxil edilmək üçün yerində araşdırma zamanı yuxarıda qeyd olunanlarla əlaqədar faktoloji materiallar toplanıb.

Ermənistan tərəfindən beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirilməklə törədilən bu cinayətlərlə bağlı faktaraşdırıcı missiya çərçivəsində əldə edilmiş materiallar əsasında Ombudsmanın növbəti hesabatı hazırlanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.