CƏMİYYƏT
Ombudsman: Bu addım Prezident İlham Əliyevin insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin daha bir nümunəsidir
Bakı, 7 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması dövlət başçısının insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin daha bir bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Qeyd edək ki, ombudsman əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 və 10 saylı cəzaçəkmə müəssisələrində olub. O, dövlət başçısının bu addımının əfv olunan şəxslərə, onların ailələrinə, yaxınlarına böyük sevinc bəxş etdiyini, ölkədə həyata keçirilən islahatların, davamlı əfv sərəncamlarının bütün dünya ictimaiyyəti tərəfindən müsbət qarşılandığını bildirib. Müvəkkil vurğulayıb ki, ümummilli lider Heydər Əliyev hər zaman çoxşaxəli fəaliyyətində humanizm siyasətinə, insan hüquqlarının təmininə önəm verib və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahədə geniş fəaliyyəti xüsusi qeyd edilməlidir.
Müvəkkil müstəqillik dövründə Azərbaycanda dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 66 əfv sərəncamının imzalandığını, 11 amnistiya aktının qəbul olunduğunu, nəticədə isə minlərlə insanın azadlığa buraxılaraq ailələrinə qovuşduğunu söyləyib.