CƏMİYYƏT
Ombudsman Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub
Daşkənd, 18 iyun, AZƏRTAC
Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Korrupsiya ilə Mübarizə Qurumları rəhbərlərinin və Ombudsmanlarının dördüncü iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyik etdiyi nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyində və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevlə keçirilən görüşdə Səbinə Əliyeva tədbir haqqında məlumat verib, Azərbaycan və özbək xalqlarının tarixi dostluğundan danışıb, qədim Səmərqənd şəhərinə səfərindən söhbət açıb.
Hüseyn Quliyev öz növbəsində səfirlik tərəfindən görülən işlər, təşkil olunan tədbirlər haqqında məlumat verıb. Diplomat vurğulayıb ki, Azərbaycan həqiqətlərinin Özbəkistanda yayılması işinə böyük önəm verilir. Belə ki, 44 günlük Vətən müharibəsi günlərində və ondan sonrakı dövrdə ölkə mətbuatında özbək və rus dillərində çoxlu material dərc olunub, bu istiqamətdə iş davam etdirilir. Erməni xəstəliyi haqqında Özbəkistan mətbuatında dərc olunan məqalə də maraqla qarşılanıb.
Sonra Səbinə Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti və Hüseyn Quliyev Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gedərək ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Nümayəndə heyəti mərkəzin foyesində kitab və suvenirlərdən ibarət sərgiyə, həmçinin Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi və kitabxanaya baxıblar.
Qonaqlara məlumat verilib ki, sərgidəki kitabların əksəriyyəti ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə özbək dilində çap olunan nəşrlərdir.
Mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva ilə görüş qonaqlarda böyük təəssürat yaradıb. Onlar ansamblın ifasında Azərbaycanın milli rəqslərinə də tamaşa ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd