CƏMİYYƏT
Ombudsman “Sülh aylığı” çərçivəsində “Bilik günü” ilə bağlı silsilə tədbirlər keçirib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 21sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı elan etdiyi “Sülh aylığı” və ölkəmizdə qeyd olunan “Bilik günü” ilə əlaqədar Füzuli rayonunda və Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində silsilə tədbirlər keçirib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində müvəkkil 6 saylı Qayıdış qəsəbəsində körpələr evi-uşaq bağçasında olub, valideynlər, qəsəbə sakinləri, müəssisə əməkdaşlarının iştirakı ilə bağçanın yaradılmasının 40 illik tədbirində iştirak edib. Müvəkkil müharibə illərində çadır düşərgəsində yerləşmiş bu müəssisənin fəaliyyətini dayandırmadığını deyib, həmin dövrün çətinliklərini, müəssisə işçilərinin fədakarlığını diqqətə çatdırıb.
Sonra Zobucuq qəsəbəsinə gedən ombudsman Füzuli Rayon Xəstəxanasında olub, müəssisənin işçiləri ilə əhalinin hüquqlarının təmin olunması istiqamətində müzakirələr aparıb.
Müvəkkil, həmçinin Füzuli rayonunun orta ümumtəhsil məktəblərində, eləcə də şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində, uşaq bağçasında olub, müəllim və şagirdlərlə, valideynlər və kənd sakinləri ilə görüşüb.
Daha sonra E.Süleymanova Müdafiə Nazirliyinin təmas xəttində yerləşən N saylı hərbi hissəsində düşmənlə üzbəüz cəsarətlə dayanan əsgər, gizir və zabitlərlə görüşüb.
Səfər çərçivəsində müvəkkilə müraciət etmiş vətəndaşlar da qəbul olunub və müraciətlərin çoxu yerində müzakirə olunmaqla həll edilib.