SİYASƏT
Ombudsman: Təcavüzkar Ermənistan növbəti dəfə IV Cenevrə Konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub
Bakı, 15 iyul, AZƏRTAC
Ermənistan Silahlı Qüvvələri iyulun 12-dən etibarən Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutub. Bununla da Ermənistan öz təcavüzkar siyasətini davam etdirərək növbəti dəfə beynəlxalq qanunları pozub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
Ombudsman deyib: “Biz hazırda Tovuz rayonunda, hospitalın yanındayıq. Erməni hərbi hissələri hospitala mərmi atıblar. Ermənistan yaşayış yerlərini, hospitalı bombalamaqla, mülki əhaliyə ziyan vurmaqla IV Cenevrə Konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub. Həmin maddədə qeyd olunur ki, münaqişə zonasında heç bir tərəf yaşayış yerlərini, tibbi və yaşayış obyektlərini hədəfə ala bilməz və bu, beynəlxalq normalara tamamilə ziddir. Əfsuslar olsun ki, Ermənistan növbəti dəfə beynəlxalq qanunları heçə sayıb. Biz hazırda bunu müşahidə edirik. Biz buna qəti etiraz edirik və ən qısa zamanda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.