CƏMİYYƏT
Ombudsman müstəqil araşdırma aparan jurnalistlərlə görüşüb
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya şöhrətli fotojurnalist Reza Deqati, tanınmış litvalı jurnalist Riçards Lapaitis, çəkiliş qrupunun üzvləri Arunas Sartanaviçius və Mantas Bartaseviçius ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ombudsman Birinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətlərinin, mülki əhaliyə qarşı etnik təmizləmə siyasətinin ağır nəticələri haqqında dünya ictimaiyyətinə dolğun, obyektiv, qərəzsiz məlumatların çatdırılmasında jurnalistlərin, xüsusilə də hərbi jurnalistlər də daxil olmaqla kütləvi media vasitələrinin xüsusi rolunu vurğulayıb.
Müharibə dəhşətlərini lentə alaraq beynəlxalq səviyyədə tanıdılmasının cəsarət və qorxmazlıq tələb etdiyini bildirən Səbinə Əliyeva jurnalist peşəsinin məsuliyyətli, həm də şərəfli olduğunu bildirib.
İkinci Qarabağ müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərin tarixi ədalətin bərqərar olmasının simvoluna çevrildiyi, döyüş meydanında uduzan Ermənistanın mülki əhalini hədəfə alaraq, yaşayış binalarını və digər sosial infrastruktur obyektlərinin qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində dinc insanlar arasında itkilərin olduğunu diqqətə çatdırıb.
Reza Deqati Birinci Qarabag müharibəsində lentə aldığı kadrların tarixi, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərdə apardığı çəkilişlər zamanı mülki, dini obyektlərin yerlə-yeksan edilməsi, bu barədə dünya ictimaiyyətinə ünvanladığı foto və video çəkilişlər haqqında məlumat verib. Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Ombudsman İnstitutu ilə əməkdaşlığın məqsədəmüvafiq olduğunu bildirib.
Riçards Lapaitis həm Birinci Qarabağ müharibəsi zamanı xatirələrindən, həm də müharibə şahidlərinin də cəlb edildiyi layihələrdən danışıb.
Görüşdə Ombudsman Səbinə Əliyeva müstəqil araşdırmalar aparan jurnalist, o cümlədən hərbi jurnalistlərlə, fotomüxbirlərlə birgə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Sonda qonaqlara Fəxri fərmanlar təqdim edilib.