SİYASƏT
Ombudsman tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması davam edir
Bakı, 18 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar bəyanat verib.
Ombudsman aparatından AZƏRTAC-a bildiriblər ki, Avropanın aparıcı “New Europe” qəzetinin son buraxılışında müvəkkilin sözügedən bəyanatının mətni əsasında hazırlanmış məqalə çap edilib.
Məqalədə vurğulanıb ki, cari il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə və qəsdən atəşə tutulub, nəticədə iki kənd sakini yaşlı qadın və onun iki yaşlı nəvəsi həlak olub, digər mülki şəxs ağır yaralanıb və mülki obyektlər dağıdılıb.
Məqalədə ombudsmanın tezliklə ədalətin və sülhün bərqərar olunacağına, insanlığa qarşı törədilən bu qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, BMT nizamnaməsinə müvafiq olaraq cəzalandırılacağına ümidi, həmçinin Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtması, insan hüquqlarından faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini, habelə həmkarlarını birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırışı diqqətə çatdırılıb.
Qeyd olunub ki, müvəkkilin bəyanatı BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, UNICEF-ə, BMT-nin qaçqınlar üzrə ali komissarına, BMT-nin baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə icraçı direktoruna, UNESCO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC), Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, eyni zamanda, bu sənədin tədbirlərdə istifadə edilməsi üçün Azərbaycanın çoxsaylı diaspor təşkilatlarına göndərilib.