CƏMİYYƏT
Ombudsman təsisatı ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.
Görüşdə Ombudsman təsisatı ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında miqrantların hüquqları sahəsində əməkdaşlıq üzrə görülmüş işlər, yeni prioritetlər barədə fikir mübadiləsi aparılıb.
Müvəkkil son illərdə dünyada miqrantların sayının kəskin artması səbəbindən onların hüquqlarının müdafiəsinə yönəlmiş həm qanunvericilik, həm də yeni beynəlxalq normaların qəbul edilməsinin vacibliyindən danışıb. Bildirilib ki, miqrasiya üzrə “Qlobal kompakt”ın qəbul edilməsi təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə idarəçiliyin təkcə milli və regional səviyyədə deyil, eyni zamanda, qlobal miqyaslarda inkişafına töhfə verəcək. O, bununla bağlı birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin bu əhali qrupunun maarifləndirilməsi, vaxtında dolğun və hərtərəfli hüquqi yardım alması üçün lazımi şəraitin yaradılması və bir sıra digər əhatəli məsələlər üzrə fəaliyyət istiqamətləri müəyyən edilib.