CƏMİYYƏT
Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlığa dair müqavilə imzalanıb
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova UNICEF-in ölkəmizdəki nümayəndəsi Edvard Karvardin ilə görüşüb. Görüş zamanı Ombudsman təsisatı ilə UNICEF arasında 2018-2019-cu illər üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən həyata keçiriləcək tədbirlər Uşaq Hüquqları Konvensiyasının müddəalarına, habelə BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsaslanmaqla, icmalarda hüquqi maarifləndirmə işinin həyata keçirilməsini, bu sahədə çalışacaq təlimçilərin hazırlanmasını, treninq-seminarların, o cümlədən dövlət uşaq müəssisələrində keçiriləcək birgə monitorinqlərə, habelə Milli Preventiv Qrupun başçəkmələrinə dəstək verəcək.
Müqavilə sosial cəhətdən təcrid olunmuş uşaqların gündəlik həyatlarında təkmilləşmiş keyfiyyətli xidmətlərdən istifadə imkanının Ombudsmanın Milli Preventiv Qrupunun iştirakı ilə monitorinqinə, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyaclarının qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılmasına, vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların da bu prosesə cəlb edilməsi ilə uşaq hüquqlarının müdafiəsinə, monitorinqinə və fəaliyyətin genişləndirilməsinə yeni imkanlar açır.
E.Süleymanova ötən illər ərzində UNICEF ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib. Müvəkkil Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən işlər, əlilliyi olan uşaqlar, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası üzrə müstəqil monitorinq mexanizmi olaraq gördüyü işləri diqqətə çatdırıb, əməkdaşlıq imkanlarından danışıb.
E.Karvardin Azərbaycan ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, dövlət uşaq müəssisələrində Milli Preventiv Mexanizm kimi fəaliyyəti çərçivəsində birgə görülən işləri yüksək qiymətləndirib, zəngin təcrübəyə malik bu təsisatla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Görüşdə uşaqlara ünvanlanan zəruri sosial xidmətlər, bu sahədə kadr hazırlığı məsələsi, eləcə də bu qəbildən olan müəssisələrlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub. UNICEF-in nümayəndəsi əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.